Azərbaycan ornament sənəti

Buta nədir?

Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri.

I Bölmə

Buta təsviri incəsənətimizdə

Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır.

Butanın geniş işləndiyi xalça məktəbləri
BakıGəncəƏrdəbilTəbrizNaxçıvanSalyanMuğan

Butalar forma etibarı ilə 4 qrupa bölünür

01

Xalça bəzəyində işlədilən butalar

Muğan-butaSalyan-butaXilə-butaBakı-butaSarabi-butaGəncə-butaŞirvan-buta
02

Ailə həyatını təmsil edən butalar

bala-butahəmli-butabalalı-butaevli-butaqoşaarvadlı-butavə s.
03

Rəmzi mahiyyət daşıyan butalar

cıqqa-butalələk-butaküsülü-butaqovuşan-butayazılı-butavə s.
04

Müxtəlif formalı butalar

saya-butaəyri-butadilikli-butaqıvrım-butaşabalıd-butazərxara-butabadamı-butaqotazlı-butaçiçəkli-butayanar-butavə s.

Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir.

İzahlı lüğətdə
buta is.
  1. Qönçə.
  2. Parçaların üzərində badamabənzər xırda naxış, xırda gül şəkli.
  3. (fars. – butə) İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab.
Azərbaycan dilinin izahlı lüğəti. Bakı, 1966, səh. 331

Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən buta şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol kimi daxil olmuşdur.

II Bölmə

Buta folklorumuzda

Buta sadəcə təsviri incəsənətimizin yox, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Tədqiqatçı Məhsəti İsmayıl özünün “Naxçıvan əfsanələri” adlı kitabında butanın folklorumuzdakı yeri haqqında maraqlı müddəalara yer vermişdir:

Məhsəti İsmayıl · “Naxçıvan əfsanələri” · Bakı: Elm, 2008

Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə “buta verilməsi” ixtiyar qoca-Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşiqin uzun məşəqqətli sınaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsalı ilə başa çatır. Buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qoca, pir və s. mifik obrazların qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə “buta aldı”, “buta verildi” deyilir.

Azərbaycan folklor nümunələrinin bir çoxunda həmçinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir neçə süjet xətti vardır. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. hadisələr də, fikrimizcə, “buta vermə” ilə paralel şəkildə izah etmək lazımdır. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdan eşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xoşbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Demək, buta verilməsi ümumi və mücərrəddir. Məhz bu mücərrədlik butanı milli özəlliklərin daşıyıcısına çevirmişdir. Buta verilməsi, buta alınması yuxuda baş verdiyindən yuxu və buta bir vəhdət təşkil edir. Kamil Vəliyev türklərin yuxuya böyük əhəmiyyət verdiyini, yuxunu və yuxuyozmanı insan təsəvvürünün mənəvi aləminin dərinliklərində gedən gizli dünyanın bəlirtisi və insanın ilk mifi adlandırmışdır.

Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan edən hadisələrin mürəkkəb inkişafı və məqsədi sonda aydınlaşır. Butadan başlanan aşiqliyin yolu məşəqqət və əzablardan keçir. Butanın alınması, yaxud buta verilməsi zahirən sadə, adi görünür.

Hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır.

Dastanlarda “buta verilməsi”

“Aşıq Qərib”

Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misalı bir bağdadı, bunun başının üstündə ceyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: – Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə buta verirəm, çox çəkməz biri-birinizə çatarsız, deyib çəkildi.

“Qurbani”

Qurbaninin göz evi örtülü, könül evi açıq idi. Onun yuxusuna Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanım girdi. Pəri xanımın əlini Qurbaninin əlinə verib onları bir-birinə buta elədilər.

“Abbas və Gülgəz”

Abbası yuxudan ayılda bilməyəndə kimi deyir huşun itirib, kimi deyir ölüb. Bir qarı nəbzin tutub dedi: – Heç nə olmayıb, o, eşq yuxusuna gedib. Bu saat Təbrizli Batman Qılınc Məhəmməd bəyin bacısı Pəri xanımı ona buta verillər.

“Qul Mahmud”

Mahmud qardaşı Qəmbərlə Eynəl Yaqut pirində yatanda gecə Eynəl Yaqut Mahmuda bir qab şərab verdi. Mahmud içənnən sonra qabın dibində qalanı verdi Qəmbərə, bununla da hər ikisi şair oldu, Mahmud isə Misir şəhərində Cəfər paşanın qızı Nigar xanıma buta verildi.

Məhəbbət dastanlarının əsas kompozisiyasını təşkil edən buta dastan yaradıcılığında əhəmiyyətli rol oynayır. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas elementlərdir. Eşq yanğısı verən içki, badə də butanın əsas elementlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də seçilir.

“Qurbani” dastanından

Kiçiklərdən xəta, böyükdən əta,
Mərd iyid odu ki, dediyin tuta,
Şahlar şahı mənə veribdi buta,
Mətləbimdi, Pəri üçün gəlmişəm.

III Bölmə

Butanın mənşəyinə dair

Britannica ensiklopediyasında Butanın Hindistan-Moğol sənətinin bir ünsürü olduğu qeyd edilir. Əslində burada Teymurləngin nəslindən olan Babur Şah tərəfindən 1526-da Hindistanda qurulan və 1858-ə qədər mövcud olmuş Türk əsilli Baburilər dövlətindən söhbət gedir. Buta Hindistana Baburilər tərəfindən aparılmışdır. Təəssüf ki, Türk mənşəli Buta indi bir çox mənbələrdə Hindistana istinad edilməkdədir.

Hal-hazırda Hindistanın möcüzəsi olaraq tanınan Tacmahal da Türk memarlığının və incəsənətinin bir nümunəsidir. 5-ci Babur hökmdarı Şah Cahan tərəfindən mərhum xanımı Mümtaz Mahalın xatirəsinə həsr olunmuş bu sərdabənin tikintisində müxtəlif türk ellərindən, o cümlədən Azərbaycandan gələn sənətkarlar yaxından iştirak etmişdir.

Buta naxışlı məhsullar 19-cu əsrin ortalarında Hindistandan Şotlandiyanın Paisley şəhərinə gətirilmiş və oradan da bütün dünyaya yayılmışdır. Məhz buna görə Buta hal-hazırda Qərb dünyasında “paisley” adı altında tanınır.

1501–1736Səfəvilər dövründə buta əsas parça naxışlarından birinə çevrilir
1526–1858Baburilər dövləti — buta Hindistana aparılır
XIX əsrin ortalarıButa naxışlı məhsullar Şotlandiyanın Paisley şəhərinə gətirilir

Bu, Wikipedia internet ensiklopediyasında aşağıdakı şəkildə qeyd olunmuşdur:

Wikipedia
“Böyük vergülü və ya burulmuş göz yaşı damlasını xatırladan, böyrəkşəkilli peysli (paisley) naxışı hind və fars mənşəlidir, lakin onun Qərbdəki adı Şotlandiyanın mərkəzindəki Peysli şəhərinin adından götürülüb”.
Orijinal mətn

“Resembling a large comma or twisted teardrop, the kidney-shaped paisley is Indian and Persian in origin, but its western name derives from the town of Paisley, in central Scotland.”

Wikipediada yer alan aşağıdakı yazılar isə “paisley”in, yəni butanın əsl mənşəyi haqqında açıq-aşkar məlumat verir:

Wikipedia
“Bəzi dizayn tədqiqatçıları bu özünəməxsus formanı boteh adlandırır və onu stilizə olunmuş gül dəstəsi ilə sərv ağacının birləşməsi — həyatın və əbədiliyin zərdüşti simvolu hesab edirlər. İranın Səfəvi sülaləsi dövründə (1501–1736) yaranmış buta adlı gül motivi Qacarlar dövründə də İranda əsas parça naxışlarından biri olmuşdur. Bu dövrlərdə naxışdan şah regaliyalarını, tacları və saray geyimlərini, eləcə də sadə xalqın işlətdiyi parçaları bəzəmək üçün istifadə edilirdi”.
Orijinal mətn

“Some design scholars call the distinct shape boteh and believe it is the convergence of a stylized floral spray and a cypress tree: a Zoroastrian symbol of life and eternity. A floral motif called buta, which originated in the Safavid Dynasty of Persia (from 1501 to 1736), was a major textile pattern in Iran also during the Qajar Dynasty. In these periods, the pattern was used to decorate royal regalia, crowns, and court garments, as well as textiles used by the general population.”

Səfəvilərin və Qacarların mənşəyi isə tarixdə heç bir zaman mübahisə doğurmamışdır.

Buta bizə aid bir dəyər, bir gözəllikdir. O, hər zaman incəsənətimizin, ədəbiyyatımızın tacı olmuşdur. Onda nənələrimizin sığalı, tariximizin izi var. Təəssüf ki, bu gözəlliyin, bu şirin naxışın məhz Azərbaycan-Türk mənşəli olması dünyada çox az bilinir. Mədəniyyətimizə sahib çıxıb, onu ən gözəl şəkildə təbliğ etmək vətəndaş borcumuzdur!

Gəlin, Butamıza sahib çıxaq!

Facebookda Butaya həsr olunmuş səhifəni ziyarət edin